XAÇMAZ RAYONUNDA ÖTƏN İLƏ YEKUN VURULMUŞDUR
İclas iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini və muzeyini, sonra Şəhidlər xiyabanındakı “Ana kədəri” abidəsini ziyarət etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin hesabat məruzəsindən sonra respublikanın səhiyyə naziri Oqtay Şirəliyev, Milli Məclisin deputatları Lalə Abbasova, Nizami Xudiyev, Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Abbasov və başqaları çıxış etmiş, geniş müzakirə aparılmışdır.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn, habelə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 26-da Xaçmaza səfəri zamanı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində mühüm işlər görülmüşdür. İki il ərzində rayonda 6 mindən çox yeni iş yeri açılmış, bütün sahələrdə islahatlar aparılmışdır. Əhalinin təbii qaz, su və elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşdırılmışdır. 90 meqavat gücündə yeni elektrik stansiyasının təməlinin qoyulmasına hazırlıq görülür. Stansiyanın istifadəyə verilməsi ölkənin şimal bölgəsinin elektrik enerjisi ilə təchizatı problemini həll edəcəkdir. 2005-ci ildə rayonda 3 elektron avtomat telefon stansiyası istifadəyə verilmiş, Heydər Əliyev Fondu tərəfindən 3 kənddə orta məktəblər tikilmişdir. Neft Fondunun vəsaiti hesabına 1,8 kilometr uzunluğunda yeni küçələr salınmışdır.
Rayonun bütün şəhər, qəsəbə və kəndlərində müsbət dəyişikliklər nəzərə çarpır. Geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Əkin sahələri ilbəil genişləndirilir. Ötən il 80,8 min ton buğda, 143 min 595 ton tərəvəz, 56 min 150 ton meyvə yığılmışdır. Mal-qaranın sayı, heyvandarlıq məhsullarının istehsalı çoxalmışdır. Rayonda 81 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Təkcə ötən il 10 şəxsi ferma yaradılmışdır.
Sahibkarlığın sürətlə inkişafı nəticəsində ümumi daxili məhsulun həcmi 120,7 milyon yeni manat təşkil etmişdir.
Hesabat dövründə büdcəyə ödənişlər 131 faiz yerinə yetirilmişdir. Bütün sahələrdə orta aylıq əmək haqqının 20-30 faiz artması müşahidə olunur.
İclasda müsbət meyillərlə yanaşı, çatışmazlıqlardan da danışılmışdır. Bir sıra təşkilat və idarə rəhbərləri tənqid olunmuşlar. Bir sözlə, rayonun həyatının bütün sahələri ətraflı təhlil olunmuş, konkret vəzifələr, rayon iqtisadiyyatının inkişaf sürətinin artırılmasına dair perspektiv plan müəyyən edilmişdir.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.