Xaçmazda Aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələri ziyarət edilib
Xaçmaz, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 2-də Xaçmazda Aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi şəhid ailələri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarlarını ziyarət edib, önünə tər qərənfillər düzüblər.
Daha sonra rayon rəhbərliyi Aprel döyüşlərində şəhid olan Elvin Azadxan oğlu Mirzəyevin yaşadığı ünvanda olub. Mirzəyevlər ailəsi ilə görüşdə Prezident İlham Əliyevin Aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyi, həmin döyüşləri tarixi qəhrəmanlıq adlandırdığı diqqətə çatdırılıb. Bu döyüşlər 2020-ci ilin 10 noyabr zəfərinə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun ilk uğuru, başlanğıcı kimi səciyyələndirilib.
Rayon icra hakimiyyətinin rəhbərliyi Aprel döyüşlərində igidlik göstərərək şəhid olan Elvin Sədrəddin oğlu Qayıbovun ailəsini də ziyarət edib. Görüşdə ailənin qayğıları ilə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. Elvin Qayıbovun şərəfli döyüş yoluna nəzər yetirilib, tankçı kimi düşmənə layiqli müqavimət göstərdiyi vurğulanıb.
Şəhid ailələri göstərilən diqqət qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.