Xaçmazda Qudyalçay üzərindəki yeni körpünün dayaqlarının inşasına başlanılıb VİDEO
Xaçmaz, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün dayaqlarının tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çayın hər iki tərəfində svayların vurulması işləri yekunlaşıb. Hazırda yeni körpünün dayaqlarının armaturla hörülməsi və betonlanması həyata keçirilir. Paralel olaraq çayın içində tikiləcək dayaqın svaylarının vurulması üçün hazırlıq işləri görülür.
Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır.
İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.
Qudyalçay üzərində yeni avtomobil körpünün inşasının 2 ay ərzində tamamlanması nəzərdə tutulub.
Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər.