Xaçmazda yeni məktəb binası istifadəyə verilib VİDEO







Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
8 Noyabr- Zəfər Günü ərəfəsində Xaçmaz rayonunda şəhid Qürbət Babayevin adını daşıyan Xudat kənd ümumi orta məktəbinin yeni modul tipli binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 124 şagird yerlik məktəb binasında 9 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.
Məktəbin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək müəllim və şagirdləri Zəfər Günü və yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xaçmaz rayonunda son iki ildə 10 məktəb binası yenilənib. Rayonun Qımılqışlaq kəndinin şagirdləri bu tədris ilindən başlayaraq yeni məktəbdə təhsil alırlar. Gələn il Qusarçay və Palçıqoba kəndlərində də yeni məktəblərin tikiləcəyi diqqətə çatdırılıb.
Məktəbin müəllim kollektivi yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.