Xaçmazın Qusarçay kəndində məktəb binasının əsaslı təmirinə başlanılıb VİDEO
Xaçmaz, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonun Qusarçay kəndində məktəb binasının əsaslı təmirinə başlanılıb. Təmir işləri ilə yanaşı, təhsil ocağı üçün 3 yeni korpusun inşası da həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binası 94 il əvvəl istifadəyə verilib. Məktəbdə iki növbədə 911 şagird təhsil alır. Bir əsrə yaxın yaşı olan təhsil ocağının təmirsiz, maddi-texniki bazasının zəif olması tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi.
Əsaslı təmir işlərinə fevralın əvvəlindən start verilib. Hazırda məktəbin köhnə binasında söküntü işləri və yeni korpusların inşasına hazırlıq işləri görülür.
İş icraçısı Niyaz Əhmədov bildirib ki, üç yeni korpusun inşasından sonra məktəb binası 23 sinif otağı, 6 laboratoriya, akt və idman zalları və yeməkxanadan ibarət olacaq. Burada eyni vaxtda 480 şagirdin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılacaq. Məktəbdə əsaslı təmir işlərinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Qusarçayla yanaşı, yaxın günlərdə rayonun Palçıqoba kəndindəki məktəb binasının da yenidən qurulmasına başlanılacaq.