Xalq artisti Rasim Balayev: Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb
Bakı, 10 mart, AZƏRTAC
Bu gün Fəxri xiyabanda Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışına toplaşmışıq. Bu gün həm də Rüstəmin vəfatından bir il ötür. Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu. Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib.
“Təsəllimiz odur ki, Rüstəm İbrahimbəyov qəlblərdə daim yaşayacaq. Onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var olduqca Rüstəm də xatırlanacaq və yaşayacaq. Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”,- deyə Xalq artisti vurğulayıb.