Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin parlaq səhifələrindən biridir
Beyləqan, 28 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Beyləqanda keçirilən “Tariximizi unutmayaq” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyub, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində böyük xidmətləri olmuş dahi rəhbərə ehtiramlarını bildiriblər.
Gənclər Mərkəzində davam edən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqların verilməsi, ana dilimizin dövlət dili elan olunması, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.
Digər çıxış edənlər də Azərbaycanın dövlətçilik tarixində Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu vurğulayıblar. Müasir və müstəqil Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edən natiqlər bildiriblər ki, ulu öndər Heydər Əliyev qətiyyətli, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyini dönməz və əbədi edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, regionda qüdrətli dövlətə çevrilib.