Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın tarixində çox mühüm hadisədir
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və milli ideologiyanın banisi kimi” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Qeyd olunub ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ADU-da silsilə tədbirlər keçirilir.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi Cümhuriyyətin yaradılmasının Azərbaycanın tarixində çox mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, AXC-nin yaranmasında M.Ə.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O, M.Ə.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub.
Alim Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində M.Ə.Rəsulzadənin müstəsna xidmətlərindən söz açıb. AXC-nin fəaliyyəti və qısa vaxtda gördüyü işlərdən danışan S.Rüstəmova-Tohidi yeni yaranan dövlətə “Azərbaycan” adının verilməsinin tarixi əhəmiyyətini xüsusilə vurğulayıb.