XALQ YAZIÇISININ TÜRKİYƏDƏ NƏŞR OLUNMUŞ KİTABLARININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Əvvəlcə, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov tədbiri açaraq bildirmişdir ki, Atatürk Mərkəzinin bir vəzifəsi də ölkəmizlə qardaş Türkiyə arasında milli-mədəni əlaqələrin öyrənilməsi və təbliği, bu əlaqələrin genişlənməsinə və inkişafına yardım göstərməkdir. Anarın Türkiyədə işıq üzü görən kitablarının burada təqdimatı da məhz fəaliyyətimizin bu sahəsi ilə bağlıdır.
Anarı ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük ziyalı və vətənpərvər, ədəbi gəncliyə yardımçı olan şəxsiyyət kimi səciyyələndirən N.Cəfərov diqqətə çarpdırmışdır ki, Anar ötən əsrin 60-cı illərində necə müasir düşüncəyə malik idisə, bu gün də belədir. Onun bu yaxınlarda çap etdirdiyi “Ağ qoç, qara qoç” romanı ilə tanış olan hər bir oxucu bu fikirlərin nə qədər obyektiv olduğunu istisnasız qəbul edər. Çünki bu roman təkcə bu günümüzlə deyil, həm də gələcəyimizlə bağlı fikirlərlə zəngindir.
Xalq şairləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə, professorlar Tofiq Hacıyev, Qəzənfər Paşayev və başqaları vurğulamışlar ki, çoxşaxəli yaradıcılığa malik Anar nədən yazırsa-yazsın, yaxşı yazır. Onun nəsri də, publisistikası da, dram əsərləri, esseləri də, ssenariləri əsasında çəkilmiş filmlər də oxucular tərəfindən eyni dərəcədə maraqla qarşılanır.
Tədbirdə Anarın ictimai fəaliyyətindən də ətraflı bəhs olunmuşdur. Bu gün Yazıçılar Birliyinin yaşaması onun şəxsi nüfuzunun, böyük ziyalılığının nəticəsi kimi dəyərəndirilmişdir.
Mərasimdə Azərbaycan ədəbiyyatı nümunələrinin türk oxucularına çatdırılmasında səmərəli fəaliyyəti, sanballı tərcümələri nəzərə alınaraq, Tükiyə yazıçısı Yasəmən Bayerə Yazıçılar Birliyinin üzvlük bileti təqdim olunmuşdur.
Anar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.