XALQIMIZ 20 YANVAR FACİƏSİNİ HEÇ VAXT UNUTMAYACAQ
Yanvarın 20-də Azərbaycan paytaxtının yüz minlərlə sakini, respublikamızın müxtəlif yerlərindən gəlmiş insanlar, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin vətəndaşları, qonaqlar xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanına axışır, Vətən övladlarının məzarlarını ziyarət edirdilər. On dördüncü ildir ki, qoca-cavan, qız-gəlin, məktəbli, xalqın bütün təbəqələrinin nümayəndələri həyatını Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban vermiş mərd mübarizlərin xatirəsini böyük ehtiram hissi ilə yad etdilər. Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyeva və ailə üzvləri birincilər sırasında Şəhidlər xiyabanına gələrək, cəsur Vətən oğullarının məzarlarını ziyarət etdilər, təzə-tər güllər qoydular....Parlament prospekti dəniz kimi dalğalanır, insan axınının sonu görünmür. Xiyabanın ərazisinə sanki çiçək yağışı yağıb. Adamlar qanlı aksiya qurbanlarının məzarı üzərinə 1990-cı ildən sonra ələm rəmzinə çevrilmiş qərənfillər düzür, şəhidlərin ruhuna dualar oxuyurlar. “Əbədi məşəl” abidəsinin ətrafında müxtəlif idarə, təşkilat və müəssisələrin adından əklillər düzulur. Üzlərdə hüzn, gözlərdə qəzəb parıltısı var. Bu qəzəb başda Mixail Qorbaçov olmaqla 20 Yanvar faciəsinin hələ cəzasını almamış günahkarlarına və keçmiş ittifaq rəhbərliyinin havadarlıq etdiyi erməni təcavüzkarlarına ünvanlanıb. 20 Yanvar şəhidlərinin, burada uyuyan Qarabağ müharibəsi qurbanlarının ruhu günahkarların cəzalandırılmasını tələb edir. AZƏRTAC-ın müxbiri Şəhidlər xiyabanını ziyarətə gələnlərin birindən – Yeni Azərbaycan Partiyası ARDNŞ ərazi təşkilatının sədri MƏHƏMMƏDƏLİ MƏMMƏDZADƏDƏN keçirdiyi hissləri bölüşməyi xahiş edir: - İnanırsınızmı, içim yanır. Bu adamların günahı nə idi? Sadəcə, Vətənini azad, torpağını bütöv görmək istəyirdilər. Cəlladlar bu istəyi ürəklərdə boğmağa çalışdılar. Respublikanın o vaxtkı qorxaq rəhbərliyi isə onların əlaltısına çevrildi. Bakının küçələri qana boyandı. Nə qədər günahsız insan həlak oldu. Faciə müəlliflərinin məqsədi aydın idi: azadlıq arzusunda olan milləti qorxutmaq. Ancaq xalqımızı qorxutmaq mümkün olmadı. Tökülən qanlar mübarizliyimizi, azadlıq istəyimizi daha da artırdı. Cəmi bir ildən sonra şəhidlərin arzusu çin oldu - xalqımız öz müstəqilliyinə qovuşdu. Ancaq tale xalqımızı sınağa çəkməkdə davam edirdi. Ermənistan ərazi iddiasından əl çəkmir, Qarabağ ermənilərini silahlandırır, muzdlular göndərirdi. Vətənimiz üçün belə təhlükəli bir vaxtda mən də silah götürüb Qarabağ cəbhəsinə döyüşə getdim. İndi burada uyuyan şəhidlərin bir çoxu mənimlə birlikdə Qarabağda döyüşüb. Bəzilərinin gözünü özüm qapamışam. Bax, onların ruhu bizi qisasa çağırır. Çünki Qara Yanvar qurbanlarının arzusu çin oldusa, Qarabağ müharibəsi şəhidlərinin ruhu hələ də narahatdır. İnşallah, onların da arzusu həyata keçər. Ali Baş Komandanımızın - Prezidentimiz cənab İlham Əliyevin əmri ilə bu yaşımda yenidən silah götürməyə hazıram. Allah şəhidlərimizə rəhmət eləsin. BƏYLƏR MEHDİYEVİN də ürəyi doludur. Bu ağsaqqal Ermənistandakı doğma yurd-yuvasından didərgin düşüb. Hazırda Xətai rayonunda yaşayır. O deyir:- Qanlı Yanvar şəhidlərinin qurbanlarının qisası yerdə qalmayacaq. Çünki qisas heç vaxt qiyamətə qalmır. Qisas saatını yaxınlaşdırmaq özümüzdən, bir olmaq qabiliyyətimizdən asılıdır. Hamımız cavan Prezidentimizin ətrafında sıx birləşib Azərbaycanımızın qüdrətini artırsaq, günahkarların cəzalandırılması barədə beynəlxalq orqanlara müraciətlərimiz daha təsirli olar. Güclünün, qüdrətlinin sözü keçərli olur. Allah şəhidlərimizə rəhmət eləsin. ...Saatlar ötsə də, gül-çiçəyə qərq olmuş Şəhidlər xiyabanına insan axını ara vermir, müqəddəs ziyarətgah yenə izdihamlıdır. Faciənin baş verdiyi həmin dəhşətli gecədə təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısını kəsmək istəyənlər arasında Bakıdakı Bünyad Sərdarov adına neft maşınqayırması zavodunun fəhlələri də olmuşlar. Müəssisənin işçisi HÜSEYN HÜSEYNOV həmin günləri belə xatırlayır: - Həmin gecə güllə səsləri eşidib Çapayev, indiki Təbriz küçəsinə çıxdım. Hərəkət etmək çox təhlükəli idi. Bir qədər keçdikdən sonra iş yoldaşlarımdan biri dedi ki, azğınlaşmış qoşun hissələrinin qarşısına çıxanlar, ilk şəhidlər, yaralananlar arasında bizim zavodun işçiləri də vardır. Ertəsi günü faciənin miqyası, günahsiz qurbanlar haqqında ətraflı xəbər tutdum.Həmin dəhşətli faciənin baş verdiyi günlərdə Azərbaycan informasiya blokadasına alınmışdı. Bunun bir səbəbkarı da elə “sapı özümüzdən olan baltalar” idi ki, televiziyanın enerji blokunun partladılmasından xəbərsiz deyildilər. Bəlkə də bu hadisənin baş verməsində onlar da dolayısı ilə iştirak etmişdilər. Ona görə də tarixdə misli olmayan bu qanlı hadisə dünya ictimaiyyətinə gec agah oldu. Lakin sonralar, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmiz haqqında həqiqətlər dünyanın hər yerinə yayıldı.Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə elmləri namizədi FİDAN FƏRƏCOVANIN dediklərindən:- Mən işimlə bağlı xarici ölkələrə tez-tez ezamiyyətə gedirəm. Təkcə son bir neçə ayda İtaliyada, Macarıstanda olmuşam. Söhbətlərdən hiss etmişəm ki, indi əvvəlki kimi deyil. Azərbaycanda nə baş verirsə, xaricdə elə həmin an xəbər tuturlar. 20 Yanvar faciəsinin kimlər tərəfindən və nə məqsədlə törədildiyini gec də olsa, xaricdə çoxları yaxşı bilir. Hamı bu faciənin səbəbkarlarını lənətləyir. Eyni zamanda, xalqımızın mübarizə ruhunun, əyilməzliyinin, hər cür haqsızlığa qarşı barışmazlığının parlaq nümunəsi kimi dəyərləndirir.... Axşamdan xeyli keçsə də, Şəhidlər xiyabanını ziyarət davam edirdi. İnsanların vətən oğullarının xatirəsinə dərin ehtiramlarını ifadə etmək istəyinə Bakının soyuq xəzrisi də mane ola bilmirdi.... 20 Yanvar faciəsindən 14 il ötür. Qərinələr, əsrlər keçəcək, lakin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində ən parlaq, unudulmaz səhifə kimi, bu qanlı hadisə yaddaşlardan silinməyəcək, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.