Xalqımız Xocalı soyqırımını heç zaman unutmamalı, gələcək nəsillərə təbliğ etməlidir
Bakı, 26 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, MEK-in baş direktoru professor Məmməd Əliyev, Milli Məclisin deputatı Jalə Əhmədova Xocalı soyqırımından söz açıb, erməni hərbi birləşmələrinin yerli əhaliyə qarşı törətdiyi cinayətlər haqqında faktları diqqətə çatdırıblar. Bildirilib ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeridərək şəhər əhalisinə qarşı misli görünməmiş divan tutublar.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində artıq dünya Xocalı həqiqətlərini etiraf etməyə başlayır. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində Heydər Əliyev Fondunun, eyni zamanda, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını xüsusi qeyd etmək lazımdır. Kampaniya çərçivəsində həyata keçirilən tədbirlər bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı. Böyük Zəfərimiz nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. Xalqımız Xocalı soyqırımını heç zaman unutmamalı, gələcək nəsillərə təbliğ etməlidir.
Tədbirdə iştirak edən şəhid general-mayor Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova bildirib ki, Xocalı faciəsi qəlbimizin daim sızlayan yarasıdır, heç kəs bizim ürəyimizdəki həmin yanğını anlaya bilməz.
Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevə faciə zamanı yaşadığı dəhşətli günlərdən söz açıb. O, Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla söhbət açaraq ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha vurğulayıb.
Xocalı sakinləri Mehriban Əliyeva, Mürvət Məmmədov həmin gecənin canlı şahidləri olaraq üzərindən 30 il keçməsinə baxmayaraq, erməni terrorçuları tərəfindən törədilən o dəhşətli anları bu gün də xatırladıqlarını qeyd ediblər.
Şəhid Əlizamin Mustafanın anası Ülviyyə xanım, şairə Esmira Günəş vurğulayıblar ki, tariximizin qanlı səhifəsi olan Xocalı qətliamı xalqımızın mübarizə əzmini daha da möhkəmləndirib.
Tədbir çərçivəsində “Xocalı - bir millətin kədəri” sənədli filmi, soyqırımı ilə bağlı MEK-in fondlarında qorunan nəşrlərdən və fotolardan ibarət sərgi nümayiş etdirilib.