REGİONLAR
Xankəndidə oftalmoloji səyyar müayinələr keçirilib VİDEO
Xankəndi, 28 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Xankəndi şəhərində ikigünlük oftalmoloji tibbi müayinələr təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən ikigünlük səyyar müayinələrin başlıca məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Oftalmoloq Lamiyə Həsənzadə bildirib ki, səyyar klinikada ən müasir növ oftalmoloji aparatlar mövcuddur və bunun sayəsində pasiyentlərə dəqiq diaqnoz qoyulur. Tibbi aksiyanın ilk günündə 100-dən çox vətəndaş oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, quru göz sindromu, allergik konyunktivit, katarakta və digər diaqnozlar qoyularaq müalicə təyin edilib.
Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, işğaldan azad olunan digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.