Xankəndinin yolları qardan təmizlənir VİDEO
Xankəndi, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin əsas və daxili küçələri xüsusi texnika vasitəsilə qardan təmizlənir, yol örtüyünə qum və duz səpilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunur.
Kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçərək fasiləsiz fəaliyyət göstərir. Hazırda bütün əsas magistrallar və yaşayış massivlərinə aparan yollar nəzarətdə saxlanılır, yaranan çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər davam etdirilir.