“Xarıbülbül” mövzusunda müsabiqə elan olunur
Bakı, 18 mart, AZƏRTAC
Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi elan olunur.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 27 mart - Elm Gününə həsr olunmuş müsabiqənin keçirilməsinin məqsədi Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, həmçinin Vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun şanlı Qələbəsində qəhrəmanlıqlarını gənc rəssamlar tərəfindən çatdırılmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatı, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə əl işlərini aprelin 10-dək [email protected] ünvanına göndərməlidirlər. Müsabiqəyə ən çox 3 əsər təqdim edilə bilər. Seçim zamanı uşaqların əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.
İlk üç yerin qalibinə fəxri diplom və pul mükafatı veriləcək.
Müsabiqənin yekun sərgisi aprelin 15-də Dendrologiya İnstitutunda keçiriləcək.
Ünvan: Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 89.
Tel.: (+994 12) 454 10 50, (+994 77) 300 31 73.