Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün məlumat sessiyası olacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 23-ü saat 16:00-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili haqqında canlı məlumat sessiyası keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, daha ətraflı məlumat əldə etmək istəyənlər həmin tarixdə Dövlət Proqramının rəsmi “İnstagram” səhifəsində (https://www.instagram.com/state_program_2019_2023/?hl=en) olacaq canlı yayıma qoşula bilərlər.
Xatırladaq ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Proqramını İdarəetmə Qrupu tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu dekabrın 25-i saat 23:59-dək davam edəcək. Proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.