ELM VƏ TƏHSİL
Xarici diplomların tanınması prosesi təkmilləşdirilir
Bakı, 6 iyul, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların tanınması prosesini daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə istifadə rahatlığı parametri üzrə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı olaraq, agentlik müasir dizaynda yeni veb-saytını (www.tkta.edu.az) vətəndaşların xidmətinə təqdim edib. Təqdim olunan veb-sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb.
Agentlik silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
Bildirilib ki, vətəndaşlar yalnız Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməlidir. Agentlik xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir, eləcə də bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Vətəndaşlar bu kimi hallarla rasltaşdıqda [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.