XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin ATƏT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini vurğulayan Vilayət Quliyev bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərdiyini yüksək qiymətləndirmiş və indiki səfərin problemin həllinə təkan verəcəyinə ümidvar olduğunu söyləmişdir.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, onun həlli istiqamətində görülən işlər, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri barədə ətraflı məlumat vermiş, bu münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadıqlarını xatırlatmışdır. O, münaqişənin həlli baxımından ATƏT-in Minsk qrupunun fəaliyyətinin yetərli olmadığını təəssüflə vurğulamış, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və ATƏT-in Lissabon sammitinin qərarlarına məhəl qoymadığını bildirmişdir. Vilayət Quliyev demişdir ki, bu münaqişənin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birlik səylərini artırmalıdır.
Cənab Qoran Lenmarker təmsil etdiyi təşkilatın Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sülhün və təhlükəsizliyin bərqərar olunmasına maraqlı olduğunu, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini vurğulamışdır.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.