SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrin 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikovu, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina, Üq Perne və Nikolay Qribkovu və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Görüş zamanı nazir Vilayət Quliyev həmsədrlərin regiona sonuncu səfərlərindən altı ay keçdiyini qeyd edərək, bu müddət ərzində müəyyən işlər görüldüyünü bildirmişdir. Xarici siyasət idarəsinin başçısı bu ilin mart ayında hər iki dövlət başçıları tərəfindən münaqişənin həlli istiqamətində xüsusi nümayəndələrin təyin edildiyini, onların Praqada keçirdikləri görüşləri, Reykyavikdə Türkiyə, Ermənistan, Azərbaycan xarici işlər nazirlərinin, həmçinin bu il avqustun 14-də Sədərəkdə Azərbaycan və Ermənistan Prezidentlərinin görüşlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar kimi qiymətləndirmişdir. Lakin bütün bunlarla bərabər nazir münaqişənin dinc yolla həllində hələ də heç bir irəliləyişin əldə olunmadığını, mövcud vəziyyətin ən çox Azərbaycana öz mənfi təsirini göstərdiyini vurğulamışdır.
Öz növbəsində həmsədrlər bu müdət ərzində keçirilən görüşlərin münaqişənin həllinə müsbət təsir göstərəcəyini vurğulayaraq, bu kimi səfərlərin regionda etimad ab-havasının yaranmasına xidmət etdiyini bildirmişlər. Ermənistanda keçirdikləri görüşlərdən danışan həmsədrlər, münaqişənin həllində hər iki tərəfin konkret addımlar atması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Nazir Vilayət Quliyev münaqişənin həllinin ilk növbədə Azərbaycan, bütövlükdə isə regionun inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmiş və ümumi səylərin səfərbər olunmasının zəruriliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.