Xəzər dənizində antropogen təsirlərin canlıların inkişaf tempinə təsir etmədiyi müəyyənləşib
Bakı, 16 avqust, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində neft-qaz hasilatı aparılan ərazilərdə ətraf mühitə təsirin müəyyənləşdirilməsi, nərəcinsli və digər su bioloji ehtiyatlarının öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinqlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” Elmi-Tədqiqat Gəmisi 2020-ci ildən yenidən tədqiqat işlərinə başlayıb. Ümumilikdə 2020-2023-cü illər ərzində keçirilən ekspedisiyalar Xəzər dənizində neft-qaz hasilatı aparılan əraziləri, şimaldan-cənubadək balıq ehtiyatlarının öyrənilməsini və bəzi çayların mənsəblərini əhatə edib. “Əlif Hacıyev” Elmi-Tədqiqat Gəmisi ilə həyata keçirilən monitorinqlər zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən su, dib çöküntüsü zooplankton və bentik orqanizm nümunələri götürülüb. Həmin nümunələr üzərində gəminin laboratoriyasında fiziki-kimyəvi və nazirliyin tabeliyində olan “AzeLab” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə kimyəvi, hidrobioloji və ekotoksikoloji təhlillər aparılıb. Ümumilikdə 2023-cü ilin avqustuna qədər elmi-tədqiqat gəmisi ilə keçirilmiş ekspedisiyalar zamanı, həmçinin axarlarda, çimərliklərdə və sahil zolağında fəaliyyət göstərən müəssisələrdə 449 monitorinq aparılıb. Monitorinq zamanı götürülmüş 659 nümunə üzərində 8 min 272 təhlil həyata keçirilib.
Bunu AZƏRTAC-a müsahibəsində Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsini icra edən Ceyhun Muradov deyib.
Bildirib ki, illər üzrə keçirilmiş ekspedisiyalar zamanı dəniz suyu nümunələri üzərində aparılmış kimyəvi təhlillərin nəticələri norma daxilində müəyyən edilib: “Dib çöküntüsü nümunələri üzərində ağır metalların və neft karbohidrogenlərinin miqdarı təhlil edilib və ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olmadığı müəyyənləşdirilib. Hidrobioloji araşdırmalara əsasən bentik mühitin faunasının növ tərkibi, eləcə də biokütləsinin öyrənilməsi ilə əlaqədar keçirilən tədqiqatların nəticəsi qənaətbəxşdir. Belə ki, Xəzər dənizində neft-qaz istehsalı zamanı antropogen təsirlərin bentik və plankton canlıların inkişaf tempinə təsir etmədiyi və həmin canlıların inkişaf tempinin fəsillərə uyğun olaraq davamlılığını sürdürməsi müəyyən edilib. Hidrometeoroloji parametrlərin öyrənilməsi məqsədilə neft-qaz yataqlarının yerləşdiyi ərazilərdə səyyar ölçü cihazları vasitəsilə atmosfer havasında zəhərli qaz qarışıqlarının miqdarı, həmçinin radioaktiv çirklənmənin öyrənilməsi həyata keçirilib. Aparılmış ölçmə nəticələrinə əsasən zərərli qaz qarışıqlarının miqdarı norma daxilində, həmçinin radiasiya şəraitinin təbii fon tərkibində dəyişdiyi müəyyən olunub”.