DÜNYA
Xəzər dənizinin Qazaxıstan sahillərində ölü suitilər tapılıb
Astana, 25 oktyabr, AZƏRTAC
Xəzər dənizinin Qazaxıstan sahillərində üç yetkin suiti cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, bloger Azamat Sarsenbayev ölü heyvanların tapıldığı yerdən video yayımlayıb. Onun sözlərinə görə, payızda belə hallar təkrarlanır.
Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir.
Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.
2024-cü ilin iyulunda Qazaxıstan hökuməti elmi araşdırmalar üçün 156 Xəzər suitisinin götürülməsinə icazə verib. Tədqiqatın məqsədi bu nadir və nəsli kəsilməkdə olan növü daha dərindən öyrənmək üçün heyvanları etiketləməkdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana