Xəzər rayonunda dörd evdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 17 mart, AZƏRTAC
Xəzər rayonu ərazisində dörd evdən təmir-tikinti alətləri, su qızdırıcısı, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağacanov rayon polis idarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 15-də Binəqədi rayonunda Z.Bəndəliyevə məxsus avtomobilin 1200 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Həmin rayon polis idarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Y.Burcəliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Fərəcov tutulub. Aparılmış tədbirlərlə onun martın 8-də rayondakı kafelərin birində Bakı şəhər sakini Z.Nəsirlinin mobil telefonunu oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.