XİİK ÜZVLƏRİNİN ABŞ KOMMERSİYA DEPARTAMENTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜ
XİİK-in informasiya-təhlil departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qonaqlara 2002-ci ilin iyununda yaradılan və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində inkişaf edən bu klubun təşəkkülü barədə məlumat verilmişdir. Prezidentimizin bu dəstəyini indiyədək təkcə XİİK üzvləri deyil, Azərbaycanda işləyən biznesmenlər də hiss edirlər. O, hələ ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışarkən XİİK-in Azərbaycan tərəfindən ilk həmsədri olmuşdur.
ABŞ Kommersiya Departamenti Ticarəti Müdafiə Mərkəzinin direktoru Daniel Blum görüşdəki çıxışında bildirdi ki, Bakıya səfər zamanı Azərbaycanda ABŞ biznesinin inkişafı məsələləri müzakirə edilmişdir. Onun sözlərinə görə, bu departament bütün dünyada, o cümlədən Azərbaycanda ABŞ şirkətlərinə dəstək verir.
Qonaq vurğuladı ki, ABŞ şirkətləri Azərbaycanda öz biznesini uğurla aparmaq üçün departament tərəfindən dəstəklənmək istəyirlər. D.Blum dedi: “Biz də, öz növbəmizdə, bu dəstəyin formasını nəzərdən keçiririk. Ümumiyyətlə, elə etməyə çalışırıq ki, ABŞ şirkətlərinə etimad artsın. Odur ki, işimiz heç də maliyyə yardımı ilə məhdudlaşmır”.
BİSNİS-in ticarət nümayəndəsi Çanq Su çıxışında bildirdi ki, birinci
məqsədimiz ABŞ sərmayəçilərini Azərbaycana cəlb etməkdir. İkinci məqsədimiz isə Azərbaycanla ticarət əlaqələri yaratmaqdır. Neft iqtisadiyyatın inkişafının mühüm amilidir. Lakin ABŞ üçün qeyri-neft sektorunun inkişafı da əhəmiyyətlidir. Biz istər Bakıda, istərsə də bölgələrdə neft və qeyri-neft sektorlarının inkişafı ilə məşğuluq. Bu məqsədlərə çatmaq üçün müxtəlif proqramlar hazırlanmışdır.