CƏMİYYƏT
Xınalıqda 65 santimetr hündürlüyündə qar yağıb VİDEO
Bakı, 18 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-90 millimetr, Böyük Qafqazda isə 7-66 millimetr təşkil edib. Yağan leysan yağışlarla əlaqədar Balakənçay, Talaçay, Kürmükçay və Kişçayda sululuq artıb.
Yağıntının miqdarı Kiçik Qafqazda 27-40 millimetr, Qazax-Gəncə zonasında 5-45 millimetr, Mərkəzi Aran rayonlarında 5-50 millimetr, Lənkəran-Astara zonasında isə 0,3-36 millimetr olub.
Qar örtüyünün hündürlüyü İsmayıllıda 15, Qubanın dağlıq ərazilərində - Xınalıqda 65, Qırızda 45, Ləzədə 25, Altıağacda 14, Nohurdüzündə 24, Qonaqkəndə 20, Qırız Qudyalçayda 10, Qusaryasaqda 3 santimetr təşkil edib.