“Xırdalan”ın baş məşqçisi: Basketbolçularım güclü rəqib qarşısında geri addım atmadılar
Bakı, 24 yanvar, AZƏRTAC
“Basketbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah"a 107:103 hesablı ilə qalib gəldiklərini oyunu şərh edərkən deyib.
Türkiyəli mütəxəssis komandasının son saniyələrə kimi mübarizə apardığını bildirib: "Bəzi oyunçular bu matçı səbirsizliklə gözləyirdilər. Hər saniyəsi gərgin keçən bir qarşılaşma oldu. Əlavə vaxt da daxil olmaqla hər iki komanda gözəl oyun sərgilədi. Qarşımızda avrokuboklarda çıxış etmiş komanda var idi. "Sabah"ın heyəti çox təcrübəli oyunçulardan qurulub. Amma basketbolçularım güclü rəqib qarşısında geri addım atmadılar. Qələbənin əsas memarları oyunçulardır".
O, mövsümün əvvəlində olan çatışmazlıqları düzəltdikdən sonra uğurlu çıxış etdiklərini söyləyib: "Mövsümün əvvəlindən də yaxşı basketbol oynamağa çalışırdıq. Düşünürəm ki, "Xırdalan" daha yaxşı yerlərdə oynamağa layiqdir".
Qeyd edək ki, "Xırdalan" bu qələbədən sonra 19 xalla 4-cü pilləyə yüksəlib. "Sabah" isə 21 xalla 2-ci yerdə qərarlaşıb.