“Xocalı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət, humanizmə yönəlmiş qəsddir
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt Peşə Təhsil Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalı - Bəşəriyyətə qarşı cinayət” mövzusunda tədbir şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil olunub. Əvvəlcə tədbir iştirakçıları gənc rəssamların Xocalı soyqırımını əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Mərkəzin akt zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev Xocalı soyqırımı ilə bağlı aparılan təbliğat kampaniyalarının xüsusi əhəmiyyətini qeyd edib, soydaşlarımıza qarşı törədilən bu amansız cinayət əməllərinin gələcək nəsillərə çatdırılmasında məhz gənc nəslin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Baş İdarənin rəisi Elgün Hümbətov çıxışında xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət, humanizmə yönəlmiş qəsd olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsində ordumuzun düşməndən layiqincə qisas almasından danışıb.
Sonra Xocalı soyqırımı haqqında videoçarx nümayiş etdirilib.
Vətən müharibəsi qazisi, Peşə Təhsil Mərkəzinin əməkdaşı Azad Məcidov və Rza Mərdanov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindəki xatirələrindən, ordumuzun düşmən üzərindəki şanlı Qələbəsindən danışıblar.
Peşə Təhsil Mərkəzinin müəlliməsi Qızılgül Mehdiyeva və gənc rəssam-dizayner Aygün İlyasova Xocalı faciəsinin dəhşətləri haqqında mülahizələrini, erməni işğalçılarının törətdikləri bu qanlı qətliamın nə dərəcədə dəhşətli olduğunu bir daha iştirakçılara çatdırıblar.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.