QAN YADDAŞI
XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ABŞ-DA VƏ KANADADA YAD OLUNACAQDIR
Bakı, 23 fevral (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Xocalı soyqırımının 17-ci ildönümü ABŞ-da və Kanadada qeyd ediləcəkdir.
Amerika-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-da “Xocalı həftəsi” keçiriləcəkdir. Tədbirlərin Vaşinqton, Nyu-York, San-Fransisko, Kaliforniya və Çikaqo kimi iri şəhərlərdə təşkili nəzərdə tutulmuşdur.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutacaq tədbirlərlə yanaşı, soyqırımı ilə bağlı konfrans da keçiriləcəkdir. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş olunacaq, Milli Məclisin deputatı Havva Məmmədovanın ingilis dilində çap olunmuş Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara paylanılacaqdır.
Bundan başqa, BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək, tədbirdə BMT-yə üzv ölkələrə və qurumun baş katibinə müraciət ünvanlanacaqdır.
Nyu-Yorkdakı “Türk evi”ndə isə təqdimat keçiriləcəkdir. Slaydlar vasitəsilə aparılacaq təqdimat və panel-disskussiya Kaliforniyadakı Berkli Universitetində də təşkil olunacaqdır. Silsilə tədbirlər fevralın 28-dək davam edəcəkdir. Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları Havva Məmmədova, Qənirə Paşayeva, Asim Mollazadə, amerikalı jurnalist Tomas Qolts və başqaları iştirak edəcəklər.
Soyqırımın 17-ci ildönümünün qeyd olunduğu daha bir mərasimi Azərbaycan-Nyu-York Assosiasiyası ölkəmizin BMT-dəki daimi nümayəndəliyi ilə birgə təşkil edəcəkdir.
Fevralın 27-də Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Ottava şəhərində Xocalı faciəsinin 17-cı ildönümünü ilə əlaqədar anma mərasimi keçirəcəkdir. Bir gün sonra isə Edmontonda “Alberta-Azərbaycan” Mədəniyyət Mərkəzi soyqırımı qurbanlarının xaritəsini yad edəcəkdir.