Xocalı faciəsi qurbanlarının xatirəsi Azərbaycanın bütün guşələrində ehtiramla anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın bütün guşələrində, eləcə də dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur. AZƏRTAC-a bununla bağlı xəbərlər daxil olmaqda davam edir. Masallı, Neftçala, Bərdə, Mingəçevir, Ucar, Cəlilabad Və Zərdab rayonlarından alınan xəbərləri təqdim edirik.
Masallı. Şəhərdəki “Qəhrəmanlar Parkı”nda keçirilmiş anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ağsaqqallar, ziyalılar, gənclər, Xocalıdan olan məcburi köçkünlər iştirak etmişlər. Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülmüş, onların xatirəsi ehtiramla yad olunmuşdur. Rayon sakinləri bütün gün ərzində abidəni ziyarət etmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Neftçala. Fevralın 26-da yüzlərlə neftçalalı Xocalıda şəhid olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsinə öz ehtiramlarını bildirmişlər. Rayon mədəniyyət evində nümayiş etdirilən ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağrılı günlərə qaytarmışdır.
Bərdə. Rayon icra hakimiyyətinin Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birdə təşkil etdiyi tədbirdə Xocalı faciəsinin acı nəticələrini əks etdirən sərgi və sənədli film göstərilmişdir. Mərasimdə çıxış edənlər erməni millətçilərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qətliamdan, o müdhiş gecənin dəhşətli anlarından danışmış, baş verənləri bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş qanlı cinayət adlandırmışlar. Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
Xocalıdan olan bir qrup şəhid ailəsinə və əlilə rayon icra hakimiyyəti tərəfindən yardım edilmişdir.
Mingəçevir. Mingəçevir Turizm Kollecində “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Kollecin direktoru professor Əyyub Əyyubov konfransda çıxış edərək Xocalı faciəsi haqqında məlumat vermiş, bununla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində atılan addımları yüksək dəyərləndirmişdir.
Konfransda bir sıra məruzələr dinlənilmiş, müəllim və tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı kollecdə dərslər, dəyirmi masalar, diskussiyalar keçirilmişdir.
Ucar. Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə faciənin dəhşətləri bir daha xatırlanmışdır. Çıxışlarda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində göstərdikləri səylərdən, ölkəmizin sürətli inkişafından, ordumuzun qüdrətlənməsindən bəhs olunmuşdur.
Daha sonra rayon icra hakimiyyətində Zərdabda məskunlaşmış 17 Xocalı ailəsi ilə görüş keçirilmişdir.
Cəlilabad. Rayonun rəhbər işçiləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Heydər Əliyev adına Yaradıcılıq Mərkəzində “Sən ağlama, mən ağlayım qərənfil!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Fevralın 26-da Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında, rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilmiş, idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri keçirilmişdir.
Zərdab. Şəhidlərin xatirə parkında keçirilən anım mərasiminin iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinə gələrək, abidənin önünə gül dəstələri qoymuşlar. Mərasimdəki çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qanlı faciə bir daha xatırlanmış, insanlığa sığışmayan dəhşətli qırğını törədənlər lənətlənmişdir. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun xidmətləri, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər yüksək qiymətləndirilmişdir.
Rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunmuşdur.