Xocalı faciəsi qurbanlarının xatirəsi Azərbaycanın Türkmənistandakı səfirliyində yad edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasimdə Türkmənistanda yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları iştirak etmişlər.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Xocalıda qətlə yetirilmiş dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Vəhdət Sultanzadə çıxış etmişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və canlı qüvvəsinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etmiş, 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı vəhşicəsinə qətlə yetirmişlər. 1275 dinc Xocalı sakin əsir və girov götürülmüş, itkin düşmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir.
Bu əməllərin qabaqcadan düşünülmüş, milli mənsubiyyətinə görə insanların məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən məhz soyqırımı aktıdır. Xocalı faciəsi 200 ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu siyasət Azərbaycan xalqına saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
Səfir Xocalı faciəsindən danışarkən, həmin dövrdə Azərbaycan rəhbərliyinin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini, xalqın qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd göstərdiyini, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görmədiyini diqqətə çatdırmışdır.
V.Sultanzadə demişdir ki, məhz 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymətin vermişdir. Səfir faciənin əsl səbəbləri və nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın erməni silahlılarının azərbaycanlılara qarşı soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görüldüyünü xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Sərəncamı faciə haqqında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasında xüsusi əhəmiyyətə malikdir.
Sonra mərasim iştirakçıları səfirlikdə Xocalı faciəsini əks etdirən materiallardan ibarət guşəyə baxmış, sənədli filmi izləmişlər. Xocalı faciəsi ilə bağlı xüsusi fotoalbom, habelə xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ədəbiyyatlar və materiallar paylanmışdır.
Həmin materiallar səfirliyin internet səhifəsində də yerləşdirilmişdir