Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev tədbirdə çıxış edərək bildirib ki, ən qəddar, dəhşətli, kütləvi terror aktlarından hesab olunan Xocalı faciəsi zamanı Ermənistan silahlı birləşmələri və 366-cı motoatıcı alayın şəxsi heyəti tərəfindən 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirilməsi xalqımızın qan yaddaşında əbədi qalacaq. Mülki insanların, qocaların, qadınların, xəstələrin, uşaqların, bütöv ailələrin dəhşətli işgəncələrlə məhv edilməsi mənfur erməni xislətinin nəticəsi, bütövlükdə Azərbaycana qarşı yönəlmiş düşmənçilik və terror aktıdır.
Xocalı sakini, şəhərin hava limanının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Nazim Hüseynov faciə baş verən ərəfədə və fevralın 25-dən 26-na keçən gecə qanlı döyüşlərdən, bütöv bir şəhərin yerlə-yeksan edilməsindən, xocalılıların insanlığa sığmayan vəhşiliklərlə kütləvi qırğına məruz qaldıqlarından danışıb. O, Xocalı hava limanını kiçik bir qrupun müdafiə etdiyini, tam təchiz olunmuş düşmən qüvvələrinə qarşı qəhrəmanlıqla vuruşan əsgərlərimizin rəşadətini və şəhidliyi təslim olmaqdan üstün tutduqlarını qeyd edib. Keçmiş döyüşçü erməni silahlılarının mühasirədən çıxmağa çalışan mülki əhalini əvvəlcədən hazırladıqları postlarda pusquya salaraq ən ağır işgəncələrlə qətlə yetirdiklərini vurğulayıb.
Tədbirdə Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, faciə qurbanlarının xatirəsinin yad edilməsinin, erməni vandalizminin mahiyyətinin, onların iç üzünü açmağın vacibliyi vurğulanıb. Bu baxımdan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin erməni vəhşiliklərinin cavabsız qalmayacağı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyi və işğalçıların layiqli cavablarını alacaqları günün uzaqda olmadığı bildirilib.
Sonra “Xocalıda sonuncu fevral” adlı sənədli film nümayiş etdirilib.
Faciənin 27-ci ildönümü ilə əlaqədar Xidmətdə fotosərgi də hazırlanıb.
Xidmətin yerli idarə, şöbə və bölmələrində də Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.