XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ TÜRKİYƏDƏ, TAYLANDDA VƏ YENİ ZELLANDİYADA ANILACAQDIR
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 26-də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Xocalı soyqırımının 17- ci ildönümünə həsr olunmuş anma tədbiri və fotosərgi keçirəcəkdir.
Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anma mərasimi, İzmirdə təshil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcəklər.
Disapor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Türkiyədəki anma tədbirləri sırasına İzmirdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir.
Şimali Kiprdə Doğu Ağdəniz Universitetində fəaliyyət göstərən İqtisadi və Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anma tədbirində rəsmi qonaqlar, universitetin tələbə və müəllim kollektivi iştirak edəcəkdir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi də Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı anma tədbirləri keçirəcəklər.
Dövlət Komitəsindən bildirmişlər ki, Tayland Krallığındakı Azərbaycan Mədəniyyət Evi Xocalı soyqırımı ilə bağlı Bankoq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Tədbirdə faciəni əks etdirən fotoşəkillər də sərgilənəcəkdir.
Bundan başqa, Yeni Zellandiyanın Okland şəhərində fəaliyyət göstərən “Azəri” Yeni Zellandiya-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımının ildönümü ilə bağlı ən çox oxunan iki qəzetdə məqalələrin yer almasını razılaşdırmışdır. Məqalələr artıq qəzetlərin redaksiyalarına təqdim olunmuşdur.
Təşkilat həm də bir neçə ali təhsil ocağında soyqırımı ilə bağlı məlumat xarakterli aksiyalar keçirəcəkdir.
Tədbirdə Heydər Əliyev Fondunun göndərdiyi təbliğat materiallarından geniş istifadə olunacaqdır.