Xocalı faciəsi XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biridir
Bakı, 26 fevral (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Mərkəzin şəxsi heyəti ilə yanaşı, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Mülki Müdafiə Qoşunlarının Lənkəran regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Mərkəzin əməkdaşları digər idarə və müəssisələrin təmsilçiləri, ictimaiyyətin nümayəndələri ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, gül dəstələri qoymuş, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında məlumat verilmiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi olduğu qeyd edilmişdir.
Xocalıda törədilən soyqırıma bu günədək beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilmədiyi bildirilmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasətindən nəticə çıxararaq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli işlər görülməsinin vacibliyi vurğulanmışdır.