QAN YADDAŞI
Xocalı: heç kəs ölmək istəmirdi...
Kiyev, 2 mart, AZƏRTAC
“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının Jitomir regional bölməsi qanlı Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar görüş-rekviyem keçirib. Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsinə həsr olunmuş görüşü giriş sözü ilə UABD-nin regional nümayəndəliyinin sədri Rac Qasımov açıb.
Sonra bir dəqiqəlik sükut elan edilib.
Tədbirdə UABD gənclər təşkilatının üzvləri fəal iştirak ediblər. Onlar min bir əzabla qətlə yetirilən xocalılılardan, erməni vəhşiliyindən söz açıblar. Tədbirdə Ukrayna tərəfi, o cümlədən Donbasdan olan köçkün uşaqlar bu dəhşətli faciə ilə əlaqədar Azərbaycan xalqına dəstək göstərib, onunla həmrəylik nümayiş etdiriblər. Onlar Xocalı soyqırımına həsr olunmuş plakat çəkiblər.
Azərbaycan diasporu nümayəndəliyinin ofisində faciə yerində çəkilmiş fotoşəkillər yerləşdirilib. Qonaqlar şəkillərin qarşısına çiçəklər qoyub, Azərbaycan və Ukraynada faciəli hadisələr zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq şam yandırıblar.
Sonra UABD nümayəndəliyinin sədri Xocalı soyqırımı barədə film-müsahibəni təqdim edib. Tədbirdə olanlar faciəni haqqında şahidlərin özlərini dinləmək imkanı əldə ediblər. Faciə yerinə ilk gələnlər arasında olan ukraynalı təyyarəçi Leonid Kravets orada gördüyü dəhşətlərdən danışıb.
Filmin nümayişindən sonra qonaqları çay süfrəsinə dəvət ediblər. Onlar gördükləri və eşitdikləri barədə təəssüratlarını süfrə başında bölüşüblər. Faciə haqqında informasiya ağır təəssürat oyadıb, heç kəs biganə qalmayıb, qonaqlar göz yaşlarını saxlaya bilməyiblər.
AZƏRTAC-ın xəbər verdiyi kimi, daha əvvəl UABD-nin Jitomir regional bölməsinin və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə vilayət mərkəzinin küçələrində Xocalı haqqında danışan elektron lövhələr yerləşdirilib.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Kiyev