Xocalı soyqırımı - tariximizin unudulmaz səhifəsi
Bakı, 26 fevral, AZƏRTAC
AMEA Botanika İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Səyyarə İbadullayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən danışıb. O, Xocalı soyqırımının tariximizin unudulmaz səhifəsi olduğunu qeyd edərək, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı böyük Zəfərindən söz açan Səyyarə İbadullayeva bu şanlı Qələbə ilə erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
Tədbirdə institut əməkdaşları Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, faciəni əks etdirən videoçarx nümayiş olunub.