Xocalı soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı bütövlükdə bəşəriyyətə, insanlığa qarşı cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonunun Osakücə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda keçirilən tədbirdə danışılıb.
Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli Xocalı soyqırımında ağlasığmaz erməni qəddarlığından danışıb, bu faciəni bəşər tarixinin qara səhifəsi adlandırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov, Osakücə kənd tam orta məktəbin direktoru Arzu Mirzəyeva, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov mövzu ilə bağlı çıxış ediblər.
Sonda şagirdlərin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.