Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilikdir
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı qeyd edib ki, respublikamızda və azərbaycanlıların yaşadığı bütün dünya ölkələrində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anma tədbirləri keçirilir. Erməni cəlladları tərəfindən 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı bəşər tarixində analoqu olmayan vəhşilik, tayı-bərabəri olmayan qanlı soyqırımı idi. Rektor vurğulayıb ki, Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilib. Azərbaycan torpağının hər bir guşəsinə müqəddəs yer kimi baxan, onun bütövlüyü və müstəqilliyinin qorunması uğrunda yorulmadan mübarizə aparan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə söyləyir ki, Azərbaycanın müstəqilliyi əbədidir, Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır. Artıq bütün dünya beynəlxalq görüşlərdə və rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, müdafiə edir, Ermənistanın işğalçılıq siyasətini tanıyır və onu ifşa edir.
A.Naxçıvanlı bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalı faciəsinin ildönümü dünyanın bir çox yerlərində qeyd olunur. Son illər Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımına həsr olunan silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Aparılan geniş təbliğat işləri nəticəsində Meksika, Pakistan, Kolumbiya, İslam Əməkdaşlıq Təşkilatı, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras kimi ölkələr, ABŞ-ın 15 ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Milli Məclisin deputatı Flora Qasımovanın sözlərinə görə, bu gün bütün bəşəriyyət bilməlidir ki, torpaqlarımızın 20 faizini zəbt edən erməni işğalçıları xalqımıza ağır məşəqqətlər gətirmiş, bir milyondan çox azərbaycanlını qaçqına, didərginə və məcburi köçkünə çevirmişlər.
Sonda Qarabağ mövzusunda çəkilmiş “Dolu” bədii filmi nümayiş olunub.