Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsidir
Cəlilabad, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Suluçeşmə kənd ümumi orta məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Nicat Qürbətov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsidir. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Diqqətə çatdırılıb ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə başladı. 44 günlük döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Çıxışlarda həmçinin qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. 2008-ci ildən “Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş vüsət alıb. İnsan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlər mütləq cəzalandırılmalı və hadisəyə beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.