XOCALI SOYQIRIMI HAQQINDA FİLM MACARISTANDA NÜMAYİŞ ETDİRİLMİŞDİR
Tədbir MAU-da təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş, diplomatik nümayəndəliyimiz isə onlara informasiya yardımı göstərərək, filmlər, erməni təcavüzündən bəhs edən ədəbiyyat, fotoşəkillər təqdim etmişlər.
Macarıstanlı, habelə əcnəbi tələbələr, MAU-nun müəllimləri, digər təhsil müəssisələrinin və ictimai təşkilatların nümayəndələri, Azərbaycan və Türkiyə diplomatları, diasporumuzun üzvləri dəvət edilənlər arasında olmuşlar.
Filmin nümayişindən əvvəl MAU-nun politologiya fakültəsinin tələbəsi Elgün Tağıyev çıxış edərək, 14 il əvvəl baş vermiş faciədən danışmışdır. “Lider” teleşirkətinin çəkdiyi, faciənin tarixindən və səbəblərindən söhbət açan filmin dəhşətli kadrları salondakılara ağır təsir bağışlamışdır. Erməni cəlladların qəddarlıqla qətlə yetirdikləri xocalılıları lentə almış Çingiz Mustafayevin sənədli filmi də tamaşaçıları dəhşətə gətirmişdir.
Filmin nümayişindən sonra tamaşaçılar erməni təcavüzü və təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı barədə fotosənədlər, kitabçalar və mətbuat üçün məlumatlarla tanış olmuşlar.