Xocalı soyqırımı ilə bağlı anma mərasimi Aşqabadda da keçirilib
Aşqabad, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımı ilə bağlı daha bir anma mərasimi Azərbaycanın Türkmənistandakı səfirliyində keçirilib.
Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir V.Sultanzadə çıxış edərək bu soyqırımı aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncələr verildiyini qeyd edib. Diplomat həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini, beynəlxalq və dövlətdaxili hüquqa əsasən bunun da məhz soyqırımı olduğunu vurğulayıb. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə, eləcə də soyqırımı siyasətinin davamı və Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu söyləyən V.Sultanzadə bu siyasətin xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirdiyini söyləyib.
Səfir Xocalı faciəsindən danışarkən, o zamankı Azərbaycan rəhbərliyinin, eləcə də ölkənin vəziyyətə ciddi təsir edən siyasi qüvvələrinin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd edib və dövlət rəhbərliyinin xalqın qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etdiyini, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görmədiyini bildirib.
Səfir məhz 1994-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti tərəfindən erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin tam miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması, bunların soyqırımı kimi tanınmasına nail olunması istiqamətində ardıcıl tədbirlər görüldüyünü vurğulayıb.
Diplomat bu faciənin 23-cü ildönümü ilə əlaqədar Xocalı əhalisinin dünya xalqlarına, BMT-yə, Avropa Şurasına, ATƏT-ə və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Azərbaycandakı bir sıra dini konfessiyaların rəhbərləri ilə birgə dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara ünvanlanmış müraciətləri, həmçinin insan hüquqları üzrə müvəkkil E.Suleymanovanın bəyanatının yayıldığı barədə də məlumat verib.
Anma mərasiminin iştirakçıları Xocalı hadisələrini özündə əks etdirən sənədli filmlərə baxıblar. Səfirliyin zalında Xocalı faciəsini əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılıb. Mərasim iştirakçılarına Xocalı faciəsi ilə bağlı xüsusi fotoalbom, habelə xalqımızın üzləşdiyi bu və digər faciələr barədə ədəbiyyatlar və materiallar paylanıb. Eyni zamanda, həmin materiallar səfirliyin internet səhifəsində yerləşdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad