Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Dubaydakı “Raffles” mehmanxanasında anma tədbiri təşkil etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Dubayda yaşayan həmvətənlərimiz, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Türkiyənin BƏƏ-dəki səfirliyinin əməkdaşları və bu şəhərdəki baş konsulu, qardaş ölkənin biznes şurasının nümayəndələri iştirak etmişlər.
Tədbiri açan səfir Elxan Qəhrəmanov bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan etmiş, insanlığa qarşı silinməz ləkə olan əsl soyqırımı törətmişlər. Amansızlığına görə misli görünməmiş bu soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət olduğunu vurğulayan diplomat faciəyə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Türkiyənin Dubaydakı baş konsulu Elif Ülgen Çomoğlu da çıxışında Xocalı faciəsinin Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş terror siyasətinin təzahürü kimi bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktı olduğunu demişdir.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı kitablar və faciənin dəhşətlərini əks etdirən rəsmlər nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımından bəhs edən filmə baxmışlar.