Xocalı soyqırımı misli görünməmiş vəhşiliklə həyata keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) Qadınlar Şurası “Xocalı soyqırımı beynəlxalq mətbuat müstəvisində” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, partiya sədrinin müavini, Qadınlar Şurasının sədri Əsli Kazımova Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, Xocalı hadisələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktıdır. Bu faciə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdən, hazırlanan kinofilmlərdən, kitablardan, internet saytlarındakı materiallardan daha yaxşı görmək olar.
Tədbirdə qeyd edilib ki, mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içərisində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir götürülüb, 150 nəfər itkin düşüb. 1992-ci il aprelin 1-nə olan qiymətlərlə dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vurulub.
Mövzu ətrafında çıxış edənlər ölkə rəhbərliyinin ötən müddətdə həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Xocalı soyqırımı, 20 Yanvar faciəsi, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, beynəlxalq mətbuata çatdırmaq istiqamətində hərtərəfli fəaliyyət göstərdiyini bildiriblər. Lakin beynəlxalq ictimaiyyətin hələ də su soyqırımına layiqli qiymət verməməsinin təəssüf doğurduğunu qeyd ediblər.