Xocalı soyqırımı qurbanlarının xatirəsi Malayziyada da anılmışdır
Kuala Lumpur, 27 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası sərəncamı ilə təsdiq edilmiş Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ölkəmizin Malayziyadakı səfirliyi Kuala Lumpur şəhərində anma mərasimi təşkil edilmişdir.
Yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarını təmsil edən şəxslərin, Azərbaycanın aidiyyəti orqanları ilə əməkdaşlıq edən Malayziya şirkətlərinin əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükuta yad edilmişdir.
Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı elan olunmamış müharibə, Ermənistanın işğalçı qoşunları tərəfindən törədilmiş müharibə cinayətləri haqqında ətraflı danışmışdır. Səfir Xocalı soyqırımına hüquqi qiymət verilməsi prosesindən, dünya ictimaiyyətinin diqqətinin bu faciəli hadisəyə yönəldilməsindən danışmış və bəzi ölkələrin parlamentlərində Xocalı cinayətinin milli zəmində həyata keçirilmiş soyqırımı olaraq təsdiqləndiyini vurğulamışdır.
Mərasim keçirilən salında Xocalı soyqırımı ilə bağlı kitablardan, jurnallardan ibarət stend hazırlanmışdır. Həmin materiallar mərasim iştirakçılarına paylanmışdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur