Xocalı soyqırımı qurbanlarının xatirəsi Qars şəhərində də anılıb
Qars, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Qars şəhərindəki baş konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu söyləyən baş konsul Ayxan Süleymanlı faciə qurbanlarına qarşı erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən söz açıb.
Xocalı soyqırımı ilə bağlı artıq bir sıra dövlətlərin parlamentləri və ABŞ-ın 10-dan artıq ştatının qanunverici orqanları tərəfindən qətnamələrin qəbul olunduğunu diqqətə çatdıran baş konsul bu faciənin Azərbaycan xalqı ilə birgə həmrəy olan türk xalqının yaddaşından da silinməyəcəyini və əbədi olaraq qəlblərdə qalacağını vurğulayıb. O, Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş hadisənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.
Qars Qafqaz Universitetinin dosenti, həmyerlimiz İlkin Quliyev çıxışında erməni terrorçularının Xocalı şəhərini tamamilə yer üzündən sildiklərini, əsir düşmüş insanlara misli görülməmiş işgəncələr verdiklərini vurğulayıb və diqqətə çatdırıb ki, Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Çıxışlardan sonra şəhidlərimizin ruhuna Qurani-Kərimdən ayələr oxunub, Xocalı soyqırımını dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.
Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış fotostend, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və jurnallarla tanış olublar.
Sonra baş konsulluq tərəfindən ehsan süfrəsi verilib.
Tədbirdə Qars vilayət valisinin müavini Musa Evin, Qars şəhər bələdiyyəsinin sədri Murtaza Karaçanta, şəhərin rəsmi qurumlarının rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin rəhbərliyi, professor və müəllim heyəti, universitetdə təhsil alan türk tələbələr, KİV təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Baş konsulluq tərəfindən keçirilmiş tədbir, Ayxan Süleymanlının faciə ilə bağlı müsahibəsi Türkiyə mediasında işıqlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul