Xocalı soyqırımı qurbanlarının xatirəsi Ukraynanın Xarkov şəhərində anıldı
Kiyev, 25 fevral, AZƏRTAC
Xarkovda Azərbaycanın fəxri konsulluğu tərəfindən Xocalı faciəsinin günahsız qurbanlarının anım tədbiri keçirilib.
Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin nurlu xatirəsini anmağa Xarkov Vilayət Şurası sədrinin müavini Lyudmila Davıdova, vilayət administrasiyası iqtisadiyyat və beynəlxalq əlaqələr departamentinin direktor müavini Denis Darmostuk, Polşanın baş konsulu Stanislav Lukasik, Türkiyənin fəxri konsulu Vladimir Belı, Albaniyanın fəxri konsulu Şahin Ömərov, Xarkovda akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, şəhərdəki diasporumuzun rəhbərliyi və fəalları gəliblər.
Azərbaycan xalqının kədərini bölmək üçün həmçinin Xarkov ali məktəblərinin, o cümlədən Ukrayna Xalq Akademiyasının, Ukrayna Mülki Müdafiə, Y.Mudrı adına Milli Hüquq universitetlərinin, Dəmiryolu Universitetinin, Şəhər Təsərrüfatı Universitetinin, Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim və tələbələri də gəliblər.
Tədbirdə çıxış edən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xocalı faciəsi haqqında geniş məlumat verib. Bildirib ki, bu hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi boyu erməni işğalçıları tərəfindən törədilən ən qanlı cinayətlərdən biri kimi Azərbaycan xalqının qan yaddaşında dərin iz qoyub.
Diplomat vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət Azərbaycan haqqında, o cümlədən ermənilərin başladıqları separatist xarakterli Qarabağ münaqişəsində soydaşlarımızın Ermənistanın hərbi təcavüzünə məruz qalmaları, habelə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdi.
Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən L.Davıdova vurğulayıb ki, Azərbaycan xalqının həmin qorxulu vaxtlarda yaşadığı faciə onun qəlbini, ilk növbədə, bütün uşaqlara sülh arzulayan qadın və ana kimi çox ağırdır. Xalqlar dünyada əmin-amanlıq içində yaşamalıdırlar. L.Davıdova Xocalı faciəsinin əsl soyqırımı olması ilə tam razılaşdığını, belə bir hadisənin təkrar edilməyəcəyinə ümidvar olduğunu bildirib.
D.Darmostuk Xarkov vilayəti qubernatorunun başsağlığını Azərbaycan xalqına çatdırıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Xarkov regional bölməsinin sədri Fəxrəddin İsmayılov qeyd edib ki, bu gün o, öz xalqı ilə birlikdə kədərlidir. O, minlərlə günahsız insanın məhv olduğu qanlı münaqişələrin nə XXI əsrdə, nə də gələcəkdə baş verməyəcəyinə ümidvar olduğunu bildirib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev