Xocalı soyqırımını dünyaya tanıtmaq üçün təbliğat-təşviqat işi gücləndirilməlidir
Sumqayıt, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi açılıb.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru Elxan Hüseynov çıxış edərək XX əsrin ən faciəli səhifələrindən olan Xocalı soyqırımından danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edib, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib, talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub.
Rektor bu faciəni dünyaya tanıtmaq üçün təbliğat-təşviqat işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, universitetin saytında ermənilər tərəfindən tarix boyu azərbaycanlıların başına gətirilən faciələri, soyqırımları əks etdirən xüsusi bölmə yaradılıb. Universitetdə çalışan hər bir kəsin borcudur ki, başımıza gətirilən bu müsibətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni əsirgəməsin.
Rektor, həmçinin diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünya ictimaiyyətinə bu soyqırımına siyasi-hüquqi qiymət verilməsinin vacibliyini isbat edir. “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir.
Tələbə Elmi Cəmiyyətinin sədri, dosent İslam Paşayev sərgidə nümayiş olunan rəsm əsərləri barədə ətraflı məlumat verib.
Sonra tədbir universitetin akt zalında davam etdirilib, tələbələrin ifasında “Xocalı” ədəbi-bədii kompozisiyası nümayiş olunub.