QAN YADDAŞI
XOCALI SOYQIRIMINI TÖRƏDƏNLƏR CƏZASINI ALMALIDIRLAR
Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi (AMMKHM İB) Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar bəyanat yaymışdır. Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində misli görünməmiş soyqırımı törətmişlər. Bu vəhşi cinayət aktı nəticəsində Xacalı şəhəri yerlə-yeksan edilmiş, 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, onlarla qadın və ahıl insan, o cümlədən 8 ailə bütövlükdə, qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1.275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
AMMKHM İB mütəmadi olaraq Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa”lar və s. tədbirlər keçirmiş, “Mən 1992-ci il favralın 26-da Xocalıda erməni işğalçılarının törətdikləri qırğının soyqırımı kimi tanınmasını dünya ictimaiyyətindən tələb edirəm!” devizi altında imzatoplama kampaniyasında, “Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)”, “Xocalı soyqırımı: milyon imza - bir tələb” kitablarının hazırlanmasında fəal iştirak etmişdir. Birliyin “Qolos Karabaxa” - “Voice of Karabakh” qəzetində müntəzəm olaraq Xocalı mövzusunda materiallar dərc olunmuşdur.
Xocalı qətliamını törədənlərin indiyədək cəzasız qalması birliyin kollektivini həmişə narahat edir. Təşkilatın bütün tədbirlərində Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsi tələbi irəli sürülmüş, bu istiqamətdə konkret işlər görülməsi üçün müvafiq beynəlxalq təşkilatlara müraciətlər qəbul olunmuşdur. Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan hökumətinin Xocalı faciəsinin ildönümü ərəfəsində Ermənistanı Haaqa Məhkəməsinə vermək istəyi ilə bağlı səsləndirdiyi fakir İctimai Birlik tərəfindən razılıqla qarşılanmışdır.
AMMKHM İB hesab edir ki, bu məsələnin gerçəkləşdirilməsi olduqca vacibdir və bununla bağlı Azərbaycan tərəfinin kifayət qədər sübut və dəlilləri vardır. İctimai təşkilat olaraq Birlik bu sahədə üzərinə düşəcək bütün vəzifələri yerinə yetirməyə, dövlət və qeyri-hökumət təşkilatları ilə birgə işləməyə hazırdır.
XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımını törədənlər layiq olduqları cəzanı almalıdırlar.