Xocalı soyqırımını törədənlər tezliklə ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar
Tbilisi, 25 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
Növbəti anma tədbiri fevralın 25-də Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Marneulidə keçirilib.
Tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Gürcüstan parlamentinin deputatları, tələbələr və məktəblilər iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin keçirildiyi salonda məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərləri, kitablar, broşürlər və digər yazılı materiallar nümayiş etdirilib.
AMM-in sədri Fazil Həsənov tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı faciəsinin başvermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib.
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Sadaxlı kənd 1 saylı məktəbin müəlliməsi xanım Taedjan Xvedelidze və başqaları çıxış edərək Azərbaycan və gürcü xalqlarının qarşılaşdıqları problemlərdən söz açıblar. Çıxışlarda ermənilərin qonşu xalqlara - azərbaycanlılara və gürcülərə qarşı törətdikləri qətliamlar, terror aktları və soyqırımları qətiyyətlə pislənib, cinayətkarların tezliklə ədalət məhkəməsi qarşısına çıxarılmasının vacibliyi vurğulanıb.
Çıxışçılar Xocalı faciəsinin əsl soyqırımı olduğunu bildirib, bu qətliama dünya birliyi tərəfindən layiqli qiymət verilməsini tələb ediblər.
AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva “Xocalıya ədalət!” kampaniyası barədə ətraflı məlumat verib. Bildirib ki, gürcüstanlı gənclər də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan bu layihədə fəal iştirak edirlər.
Sonda bəyanat qəbul olunub, Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Bəyanatın mətni fevralın 26-da Ermənistanın Tbilisidəki səfirliyinə təqdim olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi