QAN YADDAŞI
XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ ƏR-RİYADDA QEYD OLUNACAQDIR
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar təşkil ediləcək anma mərasimi və İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatına hazırlıq işləri başa çatmaq üzrədir.
Ər-Riyad şəhərinin aparıcı konfrans zallarının birində Xocalı faciəsini əks etdirən kitab və materiallardan ibarət guşənin yaradılması, Xocalı soyqırımı və erməni terroru haqqında filmlərin nümayişi, müvafiq çıxışların və diskussiyaların təşkili nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisinin keçirilməsi planlaşdırılır.
Tədbirlərdə İslam Konfransı Təşkilatına üzv dövlətlərin, Səudiyyə Ərəbistanı Krallığının dövlət və hökumət üzvlərinin, eləcə də Ər-Riyaddakı xarici ölkələrin, beynəlxalq təşkilatların, Azərbaycan və türk diaspor təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.