Xocalı soyqırımının 23-cü ildönümü Latviyada da qeyd olunub
Riqa, 27 fevral, AZƏRTAC
“23 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində erməni faşistləri tərəfindən yüzlərlə dinc sakin öldürülüb. Bu əsl soyqırımıdır”.
Bu sözləri Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Riqada keçirilmiş konfransda Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov deyib.
Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilib.
Mərasimdə çıxış edən E.Zeynalov bildirib ki, dünya ictimaiyyəti Xocalı faciəsindən uzun illər xəbərsiz olub. Lakin Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, o cümlədən xaricdə görülən işlər nəticəsində bu sahədə vəziyyət tamamilə dəyişib. Bu gün dünya ictimaiyyəti Xocalı faciəsi haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan dövləti bütün ölkələrdə həm səfirliklərin, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə kampaniyalar keçirir.
Səfir məlumat verib ki, Latviya Seyminin spikeri İnara Murniyetse Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Diplomatiyamızın daha bir qələbə qazandığını vurğulayan E.Zeynalov Latviya Seyminin 53 deputatının Xocalı faciəsi ilə əlaqədar bəyanat qəbul etdiyini diqqətə çatdırıb.
E.Zeynalov Latviyada gənclər təşkilatının işini, o cümlədən Xocalı faciəsi qurbanlarının xatirəsinə Riqanın küçələrində yürüş keçirdiyini və dünya ictimaiyyətinin diqqətini bəşəriyyət əleyhinə yönələn bu cinayətə yönəltdiyini təqdir edib.
Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupu sədrinin müavini Roman Naudinş Xocalı həqiqətləri Latviya ictimaiyyətinə, o cümlədən ölkə Seyminə çatdırdığına görə səfir E.Zeynalova təşəkkür edib. O, Xocalı soyqırımı barədə Latviya Seyminin 53 deputatının bəyanat qəbul etməsini mühüm tarixi məqam adlandırıb.
R.Naudinş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində sülh yolu ilə nizama salınacağına ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad Kərimov, Latviyada diasporumuzun ağsaqqalı Adıgözəl Məmmədov çıxışlarında Xocalı faciəsinin XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu deyiblər.
“Təəssüf ki, bu cinayətin təqsirkarları hələ də ədalət məhkəməsi qarşısında durmayıblar. Lakin o gün mütləq gələcək” -çıxış edənlərin qənaəti belə olub.
Qeyd edilib ki, ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 16-ya çatıb. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında anma tədbirlərinin rolu mühümdür. Bu faciəyə beynəlxalq aləmin ədalətli siyasi qiymət verməsi vacibdir. Azərbaycan tərəfi ermənilərin iddialarının əsassız olduğunu, Qarabağda törədilmiş vəhşilikləri dünyaya çatdırmalıdır.
Konfransda Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa