Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri vardır
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.
Anma mərasimi ADİU-nun 2 saylı tədris binasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ağacı ziyarətlə davam etdirilib. Ağacın üzərindəki yarpaqlarda faciə qurbanlarının adları həkk olunub.
Abidə önündə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də davam etdirilir.
Daha sonra tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.
Xocalı faciəsinin gənclər arasında təbliği istiqamətində universitetdə silsilə tədbirlər keçirilib. Bütün tədris binalarında “Xocalı faciəsi” guşəsi yaradılıb. Dəhlizlərdə quraşdırılan monitorlarda faciəyə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib. “İqtisadçı” qəzetinin fevral buraxılışı da Xocalı faciəsinə həsr olunub. Tədbirlər çərçivəsində fevralın 26-da ilk dərslər Xocalı faciəsinə həsr ediləcək.