Xocalı soyqırımının ildönümü Praqada da qeyd edilib
Praqa, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Praqa şəhərində anım mərasimləri təşkil edilib.
Fevralın 26-da Çexiya-Azərbaycan İctimai Birliyi tərəfindən Çexiyanın əsas dövlət qurumları və Ermənistanın bu ölkədəki səfirliyinin binasının önündən keçməklə Azərbaycan bayraqları və Xocalıya dair posterlərlə bəzədilmiş avtomobil yürüşü təşkil edilib.
Sonra “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış xüsusi köynəklər geyinmiş yürüş iştirakçıları Praqanın mərkəzi küçələrindən piyada keçməklə yerli əhaliyə Xocalı soyqırımına dair broşürlər paylayıb və müvafiq məlumat verib.
Praqanın mərkəzindəki “Staroměstské náměstí” adlı əsas meydanda Azərbaycan Tələbələri Şəbəkəsinin təşkilatçılığı ilə Xocalı və Liditse (faşist Almaniyasının İkinci Dünya müharibəsi dövründə Çexiyanın Liditse kəndində törətdiyi qırğın) faciələrinə həsr edilmiş “Hüzn küləkləri” adlı virtual görüntülərdən ibarət film nümayiş etdirilib. Film 3 saat ərzində sözügedən meydanda təkrar olaraq göstərilib.
Filmin nümayişində Azərbaycan və Türkiyənin Çexiyadakı səfirləri Fərid Şəfiyev və Ahmet Necati Bigalı, Azərbaycan Tələbələri Şəbəkəsinin Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev, həmçinin Azərbaycan və türk icmasının üzvləri və yerli sakinlər iştirak ediblər.
Günün sonunda Praqada yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri “Xoca” filminə baxıblar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa